The Qizilbash are Turkic-speaking Azerbaijani background, united in their belief in Twelver Shia Islam. Kizilbash are Azeri Turks tribes mainly from Anatolia and Azerbaijan. The main different of Qizilbash Oghuz tribes with other Turkic people is that they are Shia Turkic people. Therefore the name Qizilbash is usually applied to them only. Some of these tribes in Afghanistan were subdivided in clans included the: Bayāt Shahseven Ansarlu Shaaghasi Shāmlu Afshār
qızılbash şamlu
Azərbaycanda müxtəlif türk tayfalarının adını özündə yaşadan yaşayış məskənləri, toponimlər mövcuddur. Bunlardan biri də Azərbaycan Respublikasının Qəbələ rayonundakı “Şamlı” adıdır. Məlumdur ki, “Şamlı” Şimali Suriyadan gəlmiş türk tayfalarından (boylarından) birinin adı olub. Bu faktı tarixi mənbələr də təsdiq edir.
Şamlı adının mənşəyi haqqında istər xarici, istərsə də Azərbaycan tədqiqatçı-larının məqalə və kitablarında, tədqiqat əsərlərində, o cümlədən internet saytlarında müfəssəl məlumat verilir. Məsələn, Məhəmməd Həsən Vəliyevin (Baharlı) “Azərbaycan” adlı kitabında (fiziki-coğrafi, etnoqrafiq və iqtisadi oçerk) Şamlı adı haqqında belə yazılır: “1034-cü ildən (425-ci ildən) başlayaraq Azərbaycana səlçuq adı ilə tanınmış bir türk tayfası gəlməyə başlamışdır... Səlçuqlar bir sıra tayfalara bölünmüşlər və bunlardan bir çoxları monqol hücumu dövründə onlara tabe olmaq istəməyib, Kiçik Asiyaya çıxıb getmiş və ordan sonralar müxtəlif vaxtlarda Azərbaycana gəlmişdilər, bir hissəsi isə monqollar dövründə də Azərbaycanda qalmışdı. Səlçuq tayfaları indi də Ayrum, Şamlı, Bəydilli, İnallı, Təklə, Qaramanlı, Əhmədli, Aydınlı, İmirli, Düxər və s. adlarla məşhurdur”. M. H. Vəliyev (Baharlı) eyni əsərində daha sonra yazır: “...Başqa səlçuq tayfası Şamlı, monqolların basqını zamanı Türkiyəyə gedən və Şamda (Suriya) məskən salan (o zaman Suriya Osmanlı imperatorluğunun tərkibində olub – müəl.) səlçuqlardan ibarətdir. Onlar “Şamlı” adı altında Topal Teymur tərəfindən Suriyadan köçürülmüş və İranda məskunlaşmışlar. Burdan da onlar Azərbaycana keçərək öz adlarını aşağıdakı kəndlərə vermişlər:
Göyçay qəzasında – Şamlı; Ağdaş qəzasında – Şamlı”. Bu barədə məlumata Q. Ağayevin rus dilində internetdə oxuduğumuz ”Dannıye etnotoponimii o rasselenii tyurkoyazıçnıx plemen v Azerbaydjane XI-XV vv.” adlı məqaləsində də rast gəlirik.
Hazırda Şamlı (Şamlu) tayfasının öz adını aşağıdakı yaşayış məskənlərinə verdiyini görürük:
* Şamlı kəndi – Azərbaycan Respublikasının Qəbələ və Zəngilan rayonlarında, Türkiyənin Balıkəsir vilayətində;
* Hacı Şamlı kəndi – Azərbaycan Respublikasının Kəlbəcər rayonunda (işğala qədər – müəl.);
* Mirşamlı kəndi – Azərbaycan Respublikasının Şamaxı rayonunda;
* Aşağışamlı qəsəbəsi – Türkiyənin Dənizli vilayətində;
* Yuxarışamlı kəndi – Türkiyənin Dənizli vilayətində;
* Şamlı kəndi – Türkiyənin Qaraman vilayətinin Bəyşehir rayonunuda;
* Şamlı şəhəri – Hindistanın Uttar Pradeş ştatının Muzaffarnaqar rayonunda;
* Şamlı kəndi – Türkmənistanda;
* Şamlı kəndi – Nigeriyada;
* Şamlı kəndi – Taylandın şimal bölgəsində;
* Şamlı şəhəri – İraqın Muhafazat al Basrah bölgəsində;
* Bi’r aş Şamlı şəhəri – Suriyanın Muhafazat Hələb bölgəsində;
* Dovlət Şamlu şəhəri – İranın Xorasan ostanında və s.
Bundan başqa Şamlı məhəlləsi (Türkiyənin Aksaray şəhərində), dərə (Əfqanıstanda), Şamlılar adını daşıyan nəsil (Türkiyənin Muğla vilayətində və Dənizli vilayətinin Babadağ rayonunda), Şamlular qəbiləsi (oymaq) (Türkiyənin Ərzurum vilayətinin Uzundərə rayonunda), Şamlı, Şamlu, Şamlıoğlu soyadları (Türkiyədə, Özbəkistanda, Şimali Kipr Türk Respublikasında, İranda, Rusiyada, Ukraynada və s.), ad (Hindistanda), küçə adı (İstanbulda) və s. vardır. Bunlar sadəcə bizim bildiklərimizdir, kim bilir Şamlı (Şamlu) adını daşıyan bilmədiyimiz daha neçə kənd, məhəllə, nəsil və s. vardır.
Yeri gəlmişkən, “Falling Rain Genomics, Inc” adlı bir təşkilatın internet saytında dünyada adının kökü “Şam” sözü ilə başlayan təxminən 200-ə yaxın yaşayış məskəninin siyahısı verilmişdir. Bu siyahıda Qəbələ rayonundakı Şamlı kəndinin də adı vardır. Fikrimizcə bu fakt, həmin yaşayış məskənlərinin eyni yerdən (Suriyanın Şam şəhəri) gəlmiş insanlar tərəfindən qurulduğunun bariz nümunəsidir. Dünya ölkələrində olan bəzi yaşayış məskənlərinin adı isə bəzi hallarda müxtəlif səbəblərdən Şami ( [ə] – 1) Şam vilayətindən (şəhərindən) olan; şamlı; 2) məc. qara, qarabəniz – müəl.) Şamlıq, Şamlo, Şamlau, Şamlar, Şamlıoğlu, Şam oğlu, Şamlau, Şamlaut, Şamlıcı, Şamlı Dheri və s. şəklində də işlədilmiş və hazırda da işlədilir. Bu yaşayış məskənlərinin Suriyanın Şam şəhəri ilə, oradan gəlmiş Şamlı türk tayfası ilə ilə əlaqəsi şübhəsizdir.
Şamlı türklərinə aid digər bir məlumatın verildiyi Türkiyədəki Şamlar kəndinin internet saytında isə belə yazılır: “...Şamlı Türklərinə mənsub qələbəlik bir kütlə, Hələb və Adana arasındakı geniş sahədə yaşamışlar. Bunlardan bəziləri Toroslar və ətrafına gəlmişlər. Şamlı Türkmənlərinin böyük bir bölümü, 15-ci yüz ildən sonra Güney Azərbaycan və İranın müxtəlif bölgələrinə köç etmişlər. Rəvayətə görə bu Türkmənlərdən bir qismi isə Əşrəfoğlu Camisinin tikildiyi dönəmdə Bəyşehirə gəlmişdir...”. Göründüyü kimi Şamlar kəndinin Şamlı türkləri tərəfindən qurulduğu verilən məlumatda da təsbit edilir.
Türkiyəli tarixçi Adnan Menderes Qayanın 2004-cü ildə Türkiyədə yayınlanmış “Afşar Türkmənləri” adlı kitabında Şamlı tayfası haqqında geniş məlumat verilir: “Şamlı Avşarı (Əski Yörük) adından da anlaşıldığı kimi Quzey Suriya, ya da digər adıyla Hələb Avşarlarından gəlməkdədirlər. İranda, özəlliklə Səfəvilər dövründə etkinliyini (təsirini – müəl.) gördüyümüz Şamlılar isə Hələb Türkmənlərindən olub başqa boylara mənsubdu. Ancaq, günümüzdə İrandakı Avşarların obalarından biri Şamlı adını daşıyır. Anlaşılan bu Şamlılar, zamanla Afşarlar arasına girib onun bir obasını təşkil etmişdir. 16-cı yüz ildə Qaraman əyalətində bulunan Atçəkən oymaqları arasında Əskil qəzasında sakin bir Şamlular (digər adı Başagirən) camaatı bulunmaqdadır. Bu Şamluların bir bölümü də eyni yüz ildə Tarsus yörəsində bulunurdu. Qutlu Hanlı tayfasına bağlı olan bu camaat, 1543-də ortaya çıxmış-dır... Şamlıların önəmli bir bölümü isə Mərsin civarında (ətrafında – müəl.) bulunurdu... ...Şamlılar (digər adı Əski Yörük), əsl vətənləri olan Anamurun Çuxurşamlı köyünə (kənd – müəl.) iskan (məskunlaşdırma – müəl.) edildi. Boz-Ulusun Aydın bölgəsində bulunan camaatları arasında yeni oluşan bir Şamlı obası var. Bu obanın bizim Şamlılardan ayrı olmadığını görürük... Şamlılar, Alanya, Anamur, Aydın, Bəyşəhir, Dənizli, Düşənbə, Edirnə, Eflani, Eğridir, Gülnar, Güzelhisar – Aydın, Hamit, İç-Əl, Qaraman, Kıbrıs, Kütahya, Lazkiyə – Kütahya, Manavqat, Manisa, Məntəşə, Rakka, Sarıçam, Saruhan, Tarsus, Təkə, Yalvaç və Zara – Kastamonu bölgəsində yerləşmişdir...”.
İnternetdə verilən bir məqalədə Şamlı (Şamlu) haqqında belə yazılır: “...Kərkük və Haləb bölgəsində Bayat boylarının qonaqladıqları (yerləşdikləri – müəl.) bilinməkdədir. Səfəvi Dövlətini quran Şamlu oymaqlarının böyük əksəriyyətini Bayatlar təşkil edir...”. İnternetdə yayınlanan “İraqdakı Türk oymaqları. İraqda varlığı bilinən boy və oymaqlar” məqaləsində də Şamlu boyu haqqında, bu boyun Səfəvi dövlətinin quruluçundakı rolundan söz açılır : “...Quzey Suriya Türkmənləri Səfəvi dövləinin quruluşuna, özəlliklə Şamlu adı altında qatılmışlardır. Şah Abbas dövründə Şamlular, digər bütün qızılbaş boylarını keçərək birinci sırada yer almışlardır. Səfəvi dövlətinin dayandığı ən başta gələn Türk boylarından biri olan Şamlu boyu, başlıca Bəğdili, İnallu (daha sonraları İnanlu) və Harbəndəlu (Hudabəndəlu) obalarından təşkil olunurdu...”.
Türkiyəli tarixçi Vətən Özgülün internetdə yayınlanan “XIX yüzildən öncə Balaban aşirəti” adlı əsərində XIII əsrdə Suriyada qələbəlik bir Türkmən topluluğunun yaşadığı və bu topluluğun çox mühüm bir hissəsinin yayda Sivasın (Türkiyə) cənub bölgələrinə və Uzun Yaylaya (Türkiyədə) getdiyi qeyd edilir. Bunlara Şamlu, Şam Türkləri və ya Şam Türkmənləri deyilirmiş. Tarixçinin eyni adlı əsərində bu tayfa haqqında belə yazılır: “...Səlçuqlular dövründən bəri Hələb-Antəp arasında qışlayan və Sivas-Gürün-Gəmərək arasında yaylayan Türkmən oymaqlarına Farsca tarixlərdə Ətrak-i Şam və ya Türkman-ı Şam, Türk xalqı arasında və Türkcə əsərlərdə də Şamlu deyilirdi. Osmanlı dövründə rəsmi sənədlərdə Hələb Türkmənləri deyilən Hələb-Antəp arasındakı topluluq başlıca Avşar (Afşar), Bəydili, İnallu, Harbəndəlu, Bayat kimi oymaqlara ayrılmışdı...”.
Şamlı tayfası haqqında mərhum Türkiyəli professor Faruq Sümərin “Oğuzlar” kitabında da bəhs edilir. O, yazır: “...XIII əsrdə Suriyada qələbəlik bir türkmən elatı yaşayırdı. Bu elatın çox mühüm bir qismi yayda Sivasın cənub tərəflərinə və Uzun Yaylaya (Türkiyə – müəl.) çıxırdı. Bunlara Şamlu, Şam türkləri və ya Şam türkmənləri deyilirdi”. Tədqiqatçının əsərində Şimali Suriya türkmənlərinin Səfəvi dövlətinin yaradılmasında Şamlı (Şamlu) adı altında iştirak etdikləri qeyd olunur. Faruq Sümər eyni adlı əsərində Şamlı boyu haqqında belə yazır: “...Şamlu yayda Sivasın güney (cənub – müəl.) tərəfində və Uzun Yaylada yaşayan, qışı Hələb bölgəsində keçirən türkmənlərin Bəydili, Xarbəndəlu, İnallu kimi oymaqların qollarından meydana gəlmişdir...”. Müəllif Şamlı (Şamlu) boyu haqqında yazarkən eyni adlı əsərində daha sonra bunları qeyd edir: “...Qızılbaş ulusunu təşkil edən birinci dərəcəli oymaqlar bunlardır: Ustacalı-Ustahacılu (Səfəvi dövründə Ustaclu), Rumlu, Təkəlü, Zülqədər, Şamlu, Qaçar...”.
Bu barədə professor Faruq Sümərin “Qaşqay” adlı əsərində də yazılır: “Bir çox boy və obadan meydana gəlmiş olan Qaşqay elinin bu boy və obaları arasında diqqəti çəkən tarixi boy və oymaqlar bunlardır: Bayat (Oğuz boyu), İğdü (Oğuz boyu), Beğ Dili (Oğuz boyu), Çarıhlu (Çarıklu-Oğuz boyu ?) Kaçarlu, Şamlu, Ağaç-Eri, (Qara-Qoyunlulardan), Halac, Musullu (Ağqoyunlulardan), Oryad (Oryad Monqol ?)...”. Bu fakta azərbaycanlı tədqiqatçı Mirzə Balanın (Məmmədzadə – müəl.) internetdə yayınlanmış “Qaşqay” adlı məqaləsində də rast gəlirik: “...Bəydililərin, Timur səfərlərini izləyərək, Suriyadan Azərbaycana dönən Şamlu Bəydililərdən bir qol olduğu sanılmaqdadır. Eyni təxmin Baharlular üçün də uyğun görülə bilər...”.
Həmyerlimiz, alim Vasif İsmayıloğlu 2002-ci ildə İstanbulda nəşr olunmuş “Bir gün xəstəxanada, kürtləşmiş Azərbaycan Türkləri” adlı kitabında Şamlı boyu haqqında belə yazır: “...Quzey (Şimali – müəl.) Azərbaycanın Şamlu, Ayrımlu kimi Türkmən boyları Güneydoğu (cənub-şərq – müəl.) Anadolunun Türkmənlərindən ikən Yavuz Sultan Səlim zamanında məzhəb fərqliliklərindən (Hənəfi və Cəfəri məzhəbləri nəzərdə tutulur – müəl.) doğan ixtilafla əlaqədar köç etmişlərdir”.
Türkiyəli professor Əbdülxaluq M. Çayın internetdə yayınlanmış “Azərbaycan və Türklər” məqaləsində də bu barədə məlumat var: “...Qaraqoyunlular, Ağqoyunlular kimi Türkmən topluluqlarından sonra Anadoludan Azərbaycana gələn bu üçüncü böyük köçü təşkil edir. Bu Türkmən topluluqları arasında Sivas, Amasya, Tokat bölgəsindən gedən Ustacalu, Şamlu, Rumlu; Antalya bölgəsindən Təkəlü; Qaraman bölgəsindən Turqutlular və digərləri; Tarsus bölgəsindən Varsaqlar və Dulqədirlilər (Zulqədr)’i görürük”. Türkiyəli yazıçı Nihad Çətinqayanın “Qızılbaş Türklər (tarixi yaranışı və inkişafı)” kitabında Şamlı (Şamlu) tayfası haqqında bəhs edir. O, tarix elmləri doktoru, professor Oqtay Əfəndiyevin “Səfəvi Dövlətinin quruluşunda Türk aşirətlərinin rolu” məqaləsinə istinadən belə yazır: “1576’da İskgəndər Münşi tərəfindən verilmiş buyruqlarda (sərəncam, tapşırıq – müəl.), Türk əsilli Qızılbaş aşirətlər, aşağıdakı kimi sıralanmışlar: Samlu, Ustağlu, Türkmən, Rumlu, Dulkadir, Afşar, Kaçar, Təkəli və Hunuslu...”. Professor Oqtay Əfəndiyevin “Səfəvi Dövlətinin quruluşunda Türk aşirətlərinin rolu” məqaləsində eyni fikrin davamı olaraq belə yazılır: “...1628 ilində eyni yazıçı tərəfindən verilən siyahıda Türk aşirətlərinin siyahısı da verilmişdir: Şamlu, Ustaoğlu, Dulkadir, Qaçar, Avşar, Türkmən, İspirli, Rumlu, Qaradağlı, Bayat, Alpaqut, Kazaklı, Qacirlı, Bayburtlu. Şamlulular; Bəydili, Abdili, Arabgirli, Nikaz qəbilələrinə bölünmüşlər-di...”. Professor O. Əfəndiyev daha sonra eyni adlı əsərində Şamlı (Şamlu) boyu haqqında belə yazır: “...Bayat aşirətindən Oruc Bəy (İranın don Juanı), Qızılbaş aşirət qolları və ailələri ilə aşirətlərin hamısını göstərən bir siyahı verir. Bunlar içində ən önəmliləri olaraq Ustağlu, Samlu, Afşar, Türkmən, Bayat, Təkəli, Dulqadir, Kaçar, Qaramanlı, Bayburtlu, İspirli və Baharlıdan təşkil olunmuş 32 ailə və aşirət yer almaqdadır...”.
Türkiyənin Balıkəsir Universiteti tarix bölümünün dosenti Abdulməcid Mutaf bu sətirlərin müəllifinə yazdığı elektron məktubda (e-mail) bildirdiyinə görə dörd ailənin Suriyadan gələrək Balıkəsirdə (Türkiyə) yerləşdikləri ərazi onların mənsub olduqları tayfanın adı ilə Şamlı adlandırılmış-dır. Bundan başqa internetdə verilmiş bir məlumatda yazılır ki, Türkiyənin Elazığ vilayətinin Ürünverən kəndində yaşayan Şamlı oymağına mənsub insanlar köklərinin Şamdan gələrək Elazığ vilayətinin kəndlərində və bir hissəsinin də Konya bölgəsində yerləşdiklərinə inanırlar. Onu da qeyd edək ki, köklərinin Suriyadan gəldiyinə dair inam Qəbələ rayonundakı Şamlı kəndinin köklü sakinlərində də var. Yaşlıların söylədiklərinə görə Şamlı kəndi yerləşən ərazidə ilk dövrlərdə üç-dörd ailə yaşayırmış. Fikrimizcə, Balıkəsirdə olduğu kimi Qəbələdə də bu ərazi orada məskunlaşan insanların gəldikləri yerin (Şam-lı, yəni, Şamdan gələnlər) və ya mənsub olduqları tayfanın (Şamlı) adı ilə “Şamlı” adlandırılmış-dır. Bəlkə də hazırda Qəbələnin Şamlı kəndində yaşayanların kökü Şamlı əmirlərinə qədər çatır. Yeri gəlmişkən qeyd edək ki, Şamlı kəndinin adı bəzən səhv olaraq Şamılı kimi yazılır. Halbuki, istər rəsmi sənədlərdə (məs. “Azərbaycan Respublikasının bəzi rayonlarının ərazisində bələdiyyələrin təşkil edil-məsi haqqında” Azərbaycan Respublikasının Qanunu), istərsə də tarixi sənədlərdə, o cümlədən tanış ola bildiyimiz bütün kitab və məqalələrdə Qəbələ rayonundakı kəndin adı Şamlı olaraq yazılır.
Cavad Heyətin internetdə yayınlanmış “Azərbaycanın Türkləşməsi və Azərbaycan Türkcəsinin Təşəkkülü” əsərində Əmir Teymurun Anadolu səfərindən qalib olaraq döndüyündə bir çox türk boy-larını (o cümlədən Şamlı boyunu) Suriya və Anadoludan Azərbaycana gətirdiyi qeyd olunur: “...Özəl-liklə Teymur Anadolu səfərindən qalib olaraq döndüyündə bir çox Türk boylarını Suriya və Anadolu-dan Azərbaycana gətirdi. Bunlar Şamlı, Musuulu, Rumlu, Kaçar, Afşar, Zulkadir, Kovanlu, Kozanlu, Təkəlu, Baharlu, Varsaqlu, Bəydili boyları olub Azərbaycanda qaldılar və bir çoxu Ərdəbil və ətrafın-da Səfəvi şeyxi (Şeyx Əli)nin (əfsanəyə görə Ərdəbildən keçərkən Topal Teymura rast gələn Səfəviyyə təriqətinin qurucusu Şeyx Səfiəddin Ərdəbilinin nəvəsi, bu təriqətin rəhbəri Şeyx Əlinin xahişi ilə əsirləri bağışlayır və onları şeyxin xidmətində durmaları üçün Ərdəbil yaxınlarında yerləşdirir – müəl.) ətrafı-na toplanıb onun və oğullarının müridləri oldular...”. Bu barədə məlumat İsmayıl Qayqusuzun “Qızıl-başlıq və Qızılbaşlar” adlı məqaləsində də var: “...1402 Ankara savaşında Yıldırım Bəyazidi böyük məğlubiyyətə uğradan Teymur (Əmir Teymur – müəl.) geri dönərkən, birlikdə götürdüyü otuz min əsir Türkməni, Ərdəbil şeyxi Xoca Əliyə hədiyyə etmişti. Əsir Türkmənlərin böyük əksəriyyəti Təkəlü və Qaramanlulardı...”. Bu haqda məlumat Q. Ağayevin yuxarıda adı qeyd edilən məqaləsində də var. Müəllif əsərində Şamlı tayfasının adının Göyçay və Ağdam qəzalarındakı kənd adlarında qorunub saxlandığını qeyd edir.
Abbasqulu ağa Bakıxanov internet vasitəsi ilə oxuduğumuz “Gülüstani-İrəm” adlı əsərində yazır: “...Sultan Məhəmməd Xudabəndə (Şah İsmayıl Xətainin böyük qardaşı – müəl.) taxta oturdu. ...Şamlı və sair tayfaların əmirlərindən bir neçəsinə Şirvanda torpaq verildi...”. Abbasqulu ağa Bakıxanov eyni əsərində daha sonra qeyd edir: “...Şirvanda Qaramanlı, Təkəli, Şamlı... və sair bir çox tayfalar vardır”. Tarixdən məlum olduğu kimi Qəbələ də müəyyən bir tarixi dövrdə (Şirvanşahların zamanında) Şirvan vilayətinin tərkibində olub. İnayətullah Rzanın internetdə yayınlanan “Aran adı nə üçün məhv oldu?” məqaləsində də bu fakt təsbit olunur: “...Şirvanşahların zamanında Qəbələ ki mülknişin idi və yerli hakimlərin hakimiyyəti altında olurdu, Şirvan hökümətinə tabe oldu...”. Şamlı tayfasının Azərbaycana köç etməsi faktı Türkiyəli alim İsmayıl Qayqusuzun internetdə verilmiş “Qızılbaşlıq və qızılbaşlar” adlı məqaləsində də qeyd olunur: “...Təkəli, Şamlu, Ustaclu və Rumlu Türkmənlərin böyük bir qismi daha o zamandan (1470-ci illərdə) İran və Azərbaycana köç edərək, Şeyx Heydərin ilk Qızılbaş ordusunu təşkil etmişlərdi”. İ. Kayqusuz daha sonra eyni adlı məqaləsində yazır: “...Bunların bəziləri, öncə sözü edildiyi kimi, Xoca Əlinin Ərdəbilə yerləştirdiyi Türkmənlərin (Təkəlü, Qaramanlu), o biriləri isə Şeyx Cüneydin savaşlarına qatılaraq, ya da Şeyx Heydər dönəmində (məsələn, Azərbaycanda kənd təsərrüfatı bölgəsinə yerləşmiş Şamlular kimi) gəlmişlərdi...”. Bu faktı İsmayıl Qayqusuz “Sufi qıran Çaldıran...” məqaləsində də təsdiq edir: “...Qızılbaş ordusunu təşkil edən Qızılbaş Türkmən qəbilələri də, son yarım yüz il boyunca Azərbaycan və İrana köçüb yerləşmiş əqrabalarından (qohum – müəl.) başqaları deyildi...”.
Fikrimizcə, Şamlı (Şamlu) adı ilə bağlı olan bütün yaşayış məskənlərinin sakinləri və bu adı daşıyan nəsillər arasında birbaşa bağlılıq, tayfa qohumluğu mövcuddur.
Son olaraq qeyd etməyi lazım bilirik ki, bu qeydlər kökü, soy bağı ilə Qəbələ rayonunun Şamlı kəndinə bağlı olan yazı müəllifinin bu torpağın tarixi keçmişinə işıq tutmaq cəhdi idi. Fikrimizcə, Şamlı kəndinin tarixi keçmişi haqqında geniş elmi tədqiqata ehtiyac vardır.
Kaydol:
Kayıtlar (Atom)